Ümummilli lider Heydər Əliyev: Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli bu düşüncəyə malik gənc nəsil formalaşıb.
Mirvari Nəcəfova,
Xocalı Rayon Kosalar kənd tam orta məktəbinin müəllimi